MƏDƏNİYYƏT NAZİRİ POLAD BÜLBÜLOĞLUNUN ÇIXIŞI
- Möhtərəm cənab Prezident
Hörmətli Mehriban xanım!
Hörmətli cənab Matsuura!
Hörmətli xanımlar və cənablar!
Bu gün biz milli ruhumuzun, təfəkkürümüzün ən bariz təcəssümü olan möhtəşəm muğam sənətimizin qorunması istiqamətində növbəti və sözün əsil mənasında, tarixi hadisənin canlı iştirakçılarıyıq.
Bu gün yeni bir musiqi məbədinin - Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulur. Tədbirin müstəsna əhəmiyyətini nəzərə alaraq, Mehriban xanımın dəvəti ilə ölkəmizə gəlmiş YUNESKO-nun baş direktoru cənab Matsuura və xanımı, YUNESKO-nun dünyada tanınmış bir sıra xoşməramlı səfirləri bizimlədirlər. Mən hörmətli qonaqları salamlayır, Azərbaycanın muğam ustaları, musiqiçiləri adından onlara dərin təşəkkürümü bildirirəm.
Azərbaycan xalq musiqisinin şah qolu olan muğamlarımızın qədim tarixi var. Əsrlər boyu muğam sənətinin ilkin təravəti, klassik forması və orijinallığı Yaxın Şərq və Orta Asiya ölkələri arasında, demək olar ki, Azərbaycanda qorunub saxlanılmışdır. Dəfələrlə nüfuzlu beynəlxalq forumlarda, festivallarda, müsabiqələrdə, simpoziumlarda səslənən Azərbaycan muğamları həmişə böyük məhəbbətlə, alqışlarla qarşılanmış, onu yaradan xalqın qüdrətini bir daha sübut etmişdir.
Xalqımızın canına, qanına hopmuş, daxili dünyasının ayrılmaz hissəsi olan müğam sənəti 2003-cü ildə YUNESKO-nun tərtib etdiyi “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.
Azərbaycan muğamları bu gün də yaşayır və inkişaf edir. Əlbəttə, muğamları yaşadan və inkişaf etdirən onun ifaçılarıdır. Onların sırasında bütün dünyada tanınan adlar vardır. Muğam aləmində Qarabağ muğam məktəbi xüsusi yer tutur və təsadüfi deyil ki, bu yaxınlarda Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə “Qarabağ xanəndələri” adlı çox nəfis bir albom buraxılmış və onun təntənəli təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə muğamlarımızın qorunması və təbliği yeni vüsət tapmışdır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi ifaçılarının silsilə konsertləri təşkil olunur, muğam ustaları ilə işgüzar görüşlər keçirilir. Azərbaycan mədəniyyətinə, incəsənətinə daim qayğı və diqqət göstərən Mehriban xanımın muğam ustalarına verdiyi dəstək onları ruhlandırır, yeni uğurlara səfərbər edir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev xalq musiqisinə, xüsusilə muğam sənətçilərinə daim qayğı göstərir. Muğamlarımızın yaşaması, qorunması və dünyada tanınması üçün bu gün təməlini qoyduğumuz Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncamı, muğam ifaçılarının böyük bir hissəsinin yüksək mükafatlara, fərdi təqaüdlərə, fəxri adlara layiq görülməsi buna sübutdur.
İnanıram ki, Beynəlxalq Muğam Mərkəzi bu canlı və nadir sənətin bütün dünyada təbliği və tanınması, habelə tədqiqi və öyrənilməsi sahəsində nüfuzlu bir mədəniyyət ocağına çevriləcək və bizim hamımız onun keçirəcəyi mötəbər tədbirlərin, konsertlərin, festival və simpoziumların iştirakçısı olacağıq.
Mən buna əminəm və hamınızı bu münasibətlə səmimi qəlbdən təbrik edirəm.
Diqqətinizə görə minnətdaram.
İndi də icazənizlə, sözü YUNESKO-nun musiqi sahəsində qızıl mükafatını alan, Azərbaycan Respublikasının xalq artisti Alim Qasımova verim.
X X X
Görkəmli muğam ustası, Azərbaycan muğamlarının dünyada tanıdılması işində böyük xidmətləri olan xalq artisti ALİM QASIMOV mərasim iştirakçılarını, xarici qonaqları bütün muğamsevərlər adından salamlayaraq dedi ki, mən bu ulu sənətin yolçusu kimi çox sevinirəm. Bakının çox gözəl yerində Beynəlxalq Muğam Mərkəzinin bünövrəsi qoyulur. Ona görə bu işin təşəbbüsçülərinə, bu işdə böyük kömək edənlərə minnətdarlığımızı bildirirəm. Xalqımızın bir bayatısını xatırlatmaq istəyirəm:
Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala.
Çox sağ olun, minnətdaram.