MƏDƏNİYYƏT
Mədəniyyət tədbirləri Azərbaycanı daha yaxından tanımağa imkan yaradacaq
Lion, 10 noyabr, AZƏRTAC
Lion şəhərinin meri Paskal Blaşın adından səfirlik nümayəndələrini qarşılamaqdan şərəf duyuram. Azərbaycan haqqında eşitmişik, amma yaxşı tanımırıq. Mədəniyyət tədbirləri Azərbaycanı daha yaxından tanımağa imkan yaradacaq.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təqdimatında iştirak edən Lion şəhəri 6-cı rayonun merinin mədəniyyət işləri üzrə müşaviri Mari-Jozef Barni dö Romane söyləyib.
“İnanıram ki, bu konsert mədəniyyət sahəsində birgə tədbirlərimizin başlanğıcıdır. Gələcəkdə digər layihələr həyata keçirəcəyik. Nəzərdə tutmuşuq ki, Azərbaycanla bağlı müxtəlif mədəniyyət tədbirləri - konsertlər, konfranslar, sərgilər təşkil edək.
Birgə mədəniyyət tədbirləri Lion əhalisinə Azərbaycanı tanımağa, eləcə də iki xalq arasında sıx əlaqələr yaranmasına imkan yaradacaqdır”, - deyə Mari-Jozef Barni dö Romane diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lion