Mədəniyyət və İncəsənət Universitetində “Bumeranq” layihəsinin təqdimatı olub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bumeranq” layihəsinin təqdimat mərasimi keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələr layihə və sənədləşmə qaydaları barədə məlumatlandırılıb. “British Council” təşkilatının direktor müavini Nigar Baimova bildirib ki, təmsil etdiyi qurum “Creative spark” proqramına start verib. Proqram çərçivəsində Birləşmiş Krallıqdan Gradcore və London İncəsənət Universiteti, ADMİU və “YARAT” Müasir İncəsənət Məkanı arasında tərəfdaşlığı nəzərdə tutan “Bumeranq” layihəsi hazırlanıb.
Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov, “YARAT” Müasir İncəsənət Məkanında təhsil proqramlarının rəhbəri Səyyarə Hüseynli, ADMİU-nun beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihəyə London və Bakıdan mədəniyyət və sahibkarlıq təcrübəsi ilə yaxından tanış olmaq, öz ölkələrinə qayıtdıqdan sonra yeni yaradıcı layihələr hazırlamaq və biznes qurmaq məqsədilə digər şəhərə səfər etmək üçün müraciət edən tələbələr cəlb olunacaq. Bu tərəfdaşlıq Mədəniyyət Nazirliyi, habelə “Creative spark” proqramı çərçivəsində “British Council” tərəfindən dəstəklənir. Tərəfdaşları daha geniş mədəni əlaqələr qurmaq, tələbə və məzunlarda yaradıcılıq və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək kimi ortaq maraqlar birləşdirir. Layihə təkcə gələn il deyil, Birləşmiş Krallıq və Azərbaycan arasında uzunmüddətli və davamlı əlaqələr yaratmaq üçün nəzərdə tutulub.