MƏDƏNİYYƏT
“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir
Bakı, 26 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə Milli Musiqi Gününə həsr olunmuş “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir.
MEMİM-dən AZƏRTAC-a bildirilib ki, sərgidə müasir texnologiyalar vasitəsilə hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu xalçalar nümayiş olunur.
Həmçinin milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünəməxsus naxışlarının işləndiyi xalçalar və kəlağayılar, milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri yer alır.
Qeyd edək ki, sözügedən məhsulların hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə vacib məsələlərdən biridir. Naxışlar millətin genetik səviyyəsində yaranan identifikasiya kodudur.
Sərgi sentyabrın 28-dək davam edəcək.