Məhdudiyyətlərin aradan qaldırılması insanları daha da məsuliyyətli olmağa sövq etməlidir
Bakı, 26 may, AZƏRTAC
Dünyanın bir çox ölkəsində koronavirusa qarşı əhalinin vaksinasiyası əlçatmaz olduğu halda Azərbaycanda artıq 18 yaşdan yuxarı bütün vətəndaşlar peyvənd olunmaq imkanı əldə edib. Hazırda Azərbaycanda koronavirusa qarşı 3 növ vaksindən istifadə olunur, dövlət səhiyyə qurumları tərəfindən insanların vaksin seçiminə imkan yaradılıb.
Bunu AZƏRTAC-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.
Ekspert xatırladıb ki, Azərbaycana gətirilən vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının tərəfindən sertifikatlaşdırılıb. Bu, o deməkdir ki, insanlarımız xaricə səfər edərkən orada bu vaksinasiyanı tanıyacaqlar, təsdiqləyəcəklər. Bütün bunlar Prezident İlham Əliyevin xüsusi diqqəti və aidiyyəti səhiyyə qurumlarının səhiyyənin yüksək səviyyədə təşkilinə doğru atdığı addımlarla bağlıdır.
“Sevindirici haldır ki, Azərbaycanda mayın 31-dən etibarən karantin rejiminin bir çox bəndi yumşaldılacaq. Amma bu yumşalmalar insanları daha da məsuliyyətli olmağa sövq etməlidir. Unutmayaq ki, digər dövlətlərdə virus daima mutasiya edir, müxtəlif yeni növ ağırlaşmalar verir və yayılma surəti artır, bir çox ölkələr bu səbəbdən hələ də sərt karantin rejimindən çıxa bilmir. Mövcud riskləri nəzərə alaraq, yumşalmadan sonra da insanların sadə qaydalara əməl etməsi (sosial məsafə, qapalı məkanda maska taxmaq və gigiyena) və ən əsası vaksinasiya olunması mütləq vacibdir. Gələcəyimizi risk altında saxlamamaq üçün vətəndaş məsuliyyəti və vaksinasiya mütləqdir. Yaxın zamanda vaksin olunan vətəndaşlar və virusa yoluxub sağalan vətəndaşlar üçün COVID pasportu tətbiq ediləcək və həmin pasport ilə bir çox qadağalar aradan qaldırılacaq. Bu addımı müsbət qiymətləndirirəm və mövcud qərar qapalı məkanlarda yoluxma riskini çox aşağı salacaq”, - deyə A.Hüseynov bildirib.