İDMAN
Məhəmməd Salah ardıcıl ikinci dəfə Afrikanın ən yaxşı oyunçusu seçilib
Bakı 9 yanvar, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah ardıcıl ikinci dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC verir ki, Afrikada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün təşkil olunan mərasim Seneqalın paytaxtı Dakarda keçirilib. Səsvermədə M.Salah seneqallı Sadio Mane ("Liverpul") və qabonlu Pyer-Emerik Obameyanqı ("Arsenal") qabaqlayıb.
Məhəmməd Salah 2017-2018-ci illər mövsümündə İngiltərə Premyer Liqasında 36 oyuna 32 qolla yadda qalıb. O, "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının finalına yüksələ bilib. Misir millisinin heyətində isə Salah Rusiyada keçirilən dünya çempionatında üç oyuna iki qol vurub.
Qeyd edək ki, bu nominasiya 1987-ci ildən Afrika Futbol Konfederasiyasının (CAF) tərəfindən təşkil olunur. Bu mükafatı ən çox qazanan oyunçu "Barselona"nın sabiq futbolçusu Samuel Eto və "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture (hər ikisi 4 dəfə) olub.