Məhkəmə Cənubi Koreyanın sabiq prezidentinin həbs cəzasını 20 ilə endirib
Pekin, 10 iyul, AZƏRTAC
Seul Yüksək Məhkəməsinin apelyasiya iclasında Cənubi Koreyanın sabiq prezidenti xanım Pak Kın Henin həbs cəzasının müddəti 20 ilə endirilib. Məhkəmə 68 yaşlı keçmiş dövlət başçısının 18 milyard von (təxminən 15 milyon dollar) cərimə və 3,5 milyard von (3 milyon dollar) dəbbə pulu ödəməsinə qərar verib.
AZƏRTAC Yonhap xəbər agentliyinə istinadla xəbər verir ki, məhkəmə ölkənin ilk qadın prezidenti olmuş və 2017-ci ildə korrupsiya qalmaqalına görə vəzifəsindən uzaqlaşdırılmış Pak Kın Heyə 15 il korrupsiya əməllərinə görə, əlavə 5 il isə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə azadlıqdan məhrumetmə cəzası verib.
Məhkəmə 2018-ci ilin aprelində Pak Kın Heni korrupsiyada, səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət sirrini yaymaqda təqsirli bilərək, onu 24 il azadlıqdan məhrum etmişdi. Daha sonra həbs müddətinin üstünə 12 ay əlavə edilib və 20 milyard von cərimə edilmişdi. Bundan başqa, ölkənin kəşfiyyat qurumunun rəhbərindən rüşvət aldığına görə 5 il, seçki qanununu pozduğu üçün isə əlavə 2 il həbs cəzasına məruz qalmışdı.
Cənubi Koreya Ali Məhkəməsi ötən il Seul Yüksək Məhkəməsinə sabiq prezidentin işinə yenidən baxılması barədə göstəriş verib. Pak Kın He iyulun 10-da başa çatan məhkəmə iclası da daxil olmaqla, bütün iclasları boykot edərək, məhkəmə zalına gəlməyib.
Qeyd edək ki, Cənubi Koreyanın ilk qadın prezidenti 2013-cü ildə dövlət başçısı seçilib. 2017-ci ilin martında konstitusiya məhkəməsi parlamentin Park Kın He haqqında impiçment qərarını təsdiqləyərək, onu rəsmən vəzifəsindən kənarlaşdırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin