Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup qadınla görüş keçirilib





Bakı, 19 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlarla görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə keçirilən tədbirdə üç yaşınadək uşağı olan və cəzasının bitməsinə 3 ay qalmış məhkum qadınlar iştirak edib.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkum qadınların sosial adaptasiyası, hüquq və azadlıqlarının qorunması məqsədilə qurumun həyata keçirdiyi tədbirlər, Agentliyin Sosial Adaptasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verib, sualları cavablandırıblar.
Qeyd edilib ki, dəstək tədbirləri könüllülük prinsipi və şəxsin razılığı əsasında həyata keçirilir. Cəzaçəkmədən azad edilən şəxslərin ailələrinə səfərlər təşkil olunur və aparılan qiymətləndirmənin nəticəsinə uyğun olaraq onlar müvafiq xidmətlərlə əhatə olunurlar.
Görüşdə məhkumluqdan azad olunmasına üç ay qalmış 7 qadının anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətlərinə cəlb edilməsi nəzərdə tutulur.