Mehmanxana işçilərinin yanğın təhlükəsizliyinə dair maarifləndirilməsi işləri davam etdirilir
Bakı, 28 fevral, AZƏRTAC
Mehmanxana və bu tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin növbəti tədbiri “Hyatt Regency Baku” otelində keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə mehmanxana rəhbərliyinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdığı, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələrinin və ciddi yerinə yetirmələrinin vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, bina və otaqların təmiz saxlanılması, elektrik, havalandırma qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunması, isitmə mövsümü başlamazdan əvvəl bacaların və tüstü borularının təmizlənməsinin vacibliyi barədə ətraflı söhbət açılıb.
Bu qəbildən obyektlərin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı videoçarx nümayiş etdirilib. Həmçinin iştirakçılara yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər paylanılıb.
Mehmanxananın həyətində əməkdaşlara yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub və praktiki şəkildə göstərilib.
Sonda suallar cavablandırılıb.