Mehriban Ələsgərova: Uşaqların daxili və ruhən inkişafı üçün onları mütləq musiqiyə yönəltmək lazımdır
Bakı, 17 iyun, AZƏRTAC
Musiqinin həyatımda rolu çox böyükdür. Bağçaya gedərkən müəllimimin pianodakı ifasını çox sevmişdim. Anama musiqiçi olacağımı deyirdim. Evdəkilər də bu fikrimə hörmət edib, məni musiqi məktəbinə yazdırdılar. Düşünürəm ki, bu genetika ilə də bağlıdır. Çünki mənim valideynlərim qarabağlıdır. Evdə həmişə musiqi səsi eşitmişəm. Anam həmişə yemək hazırlayarkən belə mahnı oxuyurdu. Əlbəttə ki, bütün hamısı təsir edib.
Bu sözləri Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin fortepiano şöbəsinin müdiri Mehriban Ələsgərova AZƏRTAC-a müsahibəsində deyib.

Birinci sinifdən etibarən musiqi ilə məşğul olduğunu deyən M.Ələsgərova qeyd edib ki, Asəf Zeynallı adına Musiqi Kollecində, daha sonra isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Onun sözlərinə görə, musiqi təhsilində müəllimlərinin rolu çox böyük olub. Əldə etdiyi nailiyyətlərinə görə öz müəllimlərimə borclu olduğunu bildirən həmsöhbətim musiqisiz bir günü, bir anı belə olmadığını bildirib.
“Peşəkar musiqiçi olmaq üçün ilk növbədə musiqi qabiliyyəti olmalıdır. Musiqi qabiliyyəti dedikdə uşaqda musiqi yaddaşı, ritm və musiqi duyumu nəzərdə tutulur. Mütləq zəhmətkeşlik və həmişə öz üzərində işləmək vacibdir. Bəzən hətta musiqi qabiliyyəti orta olan uşaq əziyyət çəkib öz üzərində işlədikdə daha böyük uğurlar qazanır. Bu sənətin daha bir üstünlüyü onadır ki, musiqi ilə məşğul olanlar öz vaxtını daha qənaətli istifadə etməyə başlayır. Bundan əlavə, fikrini daha yaxşı toplamağı bacarır. Belə uşaqlar dərslərini də yaxşı oxuyur. Çünki onlar özlərini daha yaxşı ifadə edə bilirlər”, - deyə M.Ələsgərova əlavə edib.

Musiqi duyumunun anadangəlmə olduğunu diqqətə çatdıran mütəxəssis vurğulayıb ki, bunu inkişaf etdirmək lazımdır. Musiqi duyumu az olanlar daha sonra öz üzərilərində çalışıb bunu inkişaf etdirə bilərlər: “Yetirmələrimin uğurunu görəndə çox sevinirəm. Şagirdlərim arasında hazırda musiqi müəllimləri olanlar var. Onlarla fəxr edirəm. Mən hər zaman onları səhnədə görəndə çox böyük qürur hissi keçirirəm. Bir çox valideyn övladlarının musiqi ilə məşğul olmasını istəyir. Uşaq isə bu sahəni istəmir. Hesab edirəm ki, uşaqları musiqiyə yönəltmək lazımdır. Daha sonra isə onlar öz seçimini edəcək. Övladlarının daxili və ruhən inkişafı üçün valideynlər mütləq bunu etməlidir”.
