Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Vaşinqton, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən İordaniya, İndoneziya, Gürcüstan, Nigeriya, Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Pakistan, Malayziya və İordaniyanın yüksək vəzifəli diplomatları, yerli jurnalistlər, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Xocalı soyqırımı və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək 1992-ci il fevralın 26-da bütün dünyanı öz dəhşəti ilə sarsıdan Xocalı faciəsindən 26 il keçdiyini qeyd edərək həmin günün Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olduğunu deyib. Müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdən başlayaraq Azərbaycan xalqının xarici təcavüz və işğal ilə üzləşdiyini deyən M.Talıbov Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımının həmin təcavüzün ən qanlı səhifəsi olduğunu deyib. Soyuq fevral gecəsi onlarla uşağın arzularının və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğunu qeyd edən diplomat vurğulayıb ki, bu faciənin qurbanlarına verilən bütün əzabların yeganə səbəbi onların, sadəcə, azərbaycanlı olması idi.
Xalqımıza qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən Azərbaycan nümayəndəsi bu faciə barədə məlumatın dünya mətbuatı tərəfindən yayıldığını qeyd edib. Bu faciənin erməni cəlladları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin simvoluna çevrildiyini bildirib. Qeyd edib ki, bu vəhşiliyin bütün beynəlxalq hüquq, mənəvi və insani normalara zidd olaraq qəsdən və soyuqqanlılıqla törədildiyini Ermənistanın hazırkı prezidenti və Xocalı soyqırımının əsas təşkilatçılarından olan Serj Sarkisyan britaniyalı jurnalisti Tomas de Vaala verdiyi müsahibədə etirafı bir daha sübut edir.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının artıq bir neçə ölkə, o cümlədən Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını bildirib. Bu faciəni törədənlərin tezliklə əməllərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını vurğulayıb.
Sonra çıxış edən Türkiyənin Meksikadakı səfir müavini Fikrət Türkeş ölkəsinin Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatını səsləndirib, Azərbaycan torpaqlarının indiyədək Ermənistanın işğalı altında olduğunun Türkiyə tərəfindən qəti şəkildə pisləndiyini, Türkiyənin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib.
Tədbirdə Xocalı faciəsindən bəhs edən və tamaşaçılara bu dəhşətlərin canlı şahidləri olmuş insanların danışdıqlarını çatdıran “Zülmətdən qaçış” (Running from the darkness) sənədli filmi nümayiş olunub. Eyni zamanda, “Xocalı faciəsi uşaqların gözü ilə” silsiləsindən olan rəsmlər sərgilənib. Xocalı soyqırımı ilə bağlı çap və video materiallar iştirakçılara paylanılıb.
Sonda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilib.
Qeyd edək ki, həmin gün Mexiko şəhərinin Tlakskoake/Xocalı (“Tlaxcoaque/Jodyali”) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti qarşısına səfirlik tərəfindən əklil qoyulub, bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə Tlakskoake Kilsəsinin zəngi çalınıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton