Meksikanın “Chapultepec 560” radiosunun dinləyicilərinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
Vaşinqton, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov Meksikanın geniş dinləyici auditoriyasına malik “Chapultepec 560” radiosunda yayımlanan “Rosalia Buaun ilə söhbət” proqramının qonağı olub.
AZƏRTAC xəbər verir ki, səfir müsahibəsində Azərbaycanın, tarixi, mədəniyyəti, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Ermənistanın ölkəmizə təcavüzü və Xocalı soyqırımı barədə geniş məlumat verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında da yayımlanıb.
Müsahibədə səfir Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edib, onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulayıb, soyqırımı barədə radio dinləyicilərinə məlumat verib. Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanın suveren və hamılıqla tanınmış ərazisinin 20 faizini işğal altında saxladığını və həmin torpaqlarda yaşamış Azərbaycan xalqını etnik təmizləməyə məruz qoyduğunu vurğulayıb. Bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinə indiyədək məhəl qoymur.
Diplomat, həmçinin suallara cavab verərək ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışıb, 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığını, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olduğunu bildirib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən səfir ölkəmizdə müxtəlif din və mədəniyyətlərə mənsub insanların heç zaman, heç bir diskriminasiya ilə üzləşmədən qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Səfir Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri, güclü iqtisadi potensialı ilə Cənubi Qafqazın lideri olduğunu, ölkəmizin iqtisadiyyatında enerji sektoru ilə yanaşı, son illərdə qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini deyib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatların uğurları barədə fikirlərini bölüşüb.
Verilişin qonağı olan Meksika Deputatlar Palatasının Daimi Əmək Komissiyasının üzvü, millət vəkili Anita Sançez Kastronun sualına cavab olaraq, Azərbaycan səfiri ölkəmizdə bütün sahələrdə olduğu kimi sosial müdafiə sahəsində də həyata keçirilən islahatlardan və müşahidə olunan müsbət dinamikadan bəhs edib. Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət” barədə məlumat verən diplomat şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu söyləyib.
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar səfir M.Talıbov həmçinin Meksikanın ABC radiosuna, Sofando radiosuna və “Asociacion Nacional de Locutores” televiziya proqramında müsahibələr verib.
AZƏRTAC-ın Vaşinqton bürosu