Meksikanın “Mundo Internacional” jurnalında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunmuşdur
Bakı, 2 iyul (AZƏRTAC). Meksikanın “Mundo Internacional” jurnalının yay buraxılışında “Azərbaycanın Milli Günü” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Mexikoda təşkil olunmuş qəbulda ölkəmizin Meksikadakı səfiri İlqar Muxtarovun çıxışı əsasında hazırlanmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, məqalədə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının böyük tarixi hadisə olduğu vurğulanır.
Bildirilir ki, hələ o dövrdə Azərbaycan müsəlman Şərqində qadınlara seçib-seçilmək hüququ vermiş ilk respublikadır. Şərqdə ilk opera və universitet də məhz Azərbaycanda yaradılmışdır. Lakin 2 il sonra məlum səbəblər üzündən Azərbaycan müstəqilliyini itirmişdir.
Yazıda qeyd olunur ki, Azərbaycan 1970-ci ildən etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm qoymuş və müstəqilliyini bərpa etdikdən sonra da həmin proses davam etmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ciddi çətinliklərlə üzləşmiş, Ermənistanın hərbi təcavüzünə və etnik təmizləmə siyasətinə məruz qalmış, ərazisinin 20 faizi işğal altına düşmüşdür.
Həmçinin məqalədə Azərbaycanın artıq bu gün dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınmasından, nüfuzlu beynəlxalq təşkilatların üzvü olmasından söhbət açılır. Bildirilir ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə münbit investisiya mühiti yaranmış və son on ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 5 faizə enmişdir. Bu gün Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri arasında 39-cu yerdə qərarlaşdığı və regionda istehsal edilən ümumi məhsulun 75 faizinin ölkəmizin payına düşdüyü qeyd olunmuşdur.
Məqalədə Azərbaycan Hökuməti tərəfindən altı il bundan əvvəl Latın Amerikasında ilk olaraq Meksikada səfirliyin açıldığı, habelə artıq Argentina, Braziliya, Kolumbiya, Uruqvay və Kubada səfirliklərinin fəaliyyətə başladığı diqqətə çatdırılır. Bildirilir ki, Meksika Hökuməti cari ildə Azərbaycanda səfirlik açmaq üçün qərar qəbul etmişdir və bu mühüm hadisə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfəsini verəcəkdir.
Eyni zamanda qeyd olunmuşdur ki, ötən altı ildə Azərbaycan Hökuməti Meksika iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymuşdur. Habelə həmin dövrdə Azərbaycandan Meksikaya yüksək səviyyəli rəsmi şəxslərin səfərləri həyata keçirilmişdir.
Sonda vurğulanmışdır ki, Azərbaycanda bütün azadlıqlar - ifadə azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı tam şəkildə təmin edilir və respublikamızda yüksək tolerantlıq şəraiti mövcuddur. Bütün bunlar müasir Azərbaycanın reallıqlarının bariz nümunəsidir.