MƏDƏNİYYƏT
Məktəbdə Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı çərçivəsində konsert təqdim olunmuşdur
Bakı, 16 aprel (AZƏRTAC). Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbində dahi bəstəkarın adına V Beynəlxalq müasir musiqi festivalı çərçivəsində konsert təqdim olunmuşdur.
Musiqi məktəbindən AZƏRTAC-a bildirmişlər ki, iki hissədən ibarət olan konsertdə nəzəriyyə müəlliməsi Leyla Həsənova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş, onun yetirmələri, tələbələri, son vaxtlar həyata keçirilən müxtəlif festivallar, xüsusilə də Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı barədə məlumat vermişdir. Çıxış zamanı Qara Qarayevin yaradıcılığı ilə bağlı slayd nümayiş etdirilmişdir.
Sonra məktəbin yeni yaranmış kamera orkestri və şagirdlər Qara Qarayevin və digər bəstəkarların əsərlərindən musiqi nömrələri səsləndirmişlər.
Daha sonra Beynəlxalq müsabiqə laureatı Zərrin Əliyeva (skripka), Mədinə Bağırova (fortepiano), Prezident təqaüdçüsü Nərgiz Hüseynova (skripka), Regina Məcidova (vokal) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimləri Nəzakət Rimazi və Fəridə Sultanova (fortepiano ansamblı) çıxış etmişlər.