Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelində layihələrin qiymətləndirilməsi 30 gün ərzində aparılacaq
Bakı, 17 iyul, AZƏRTAC
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçirilir. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən hər il təşkil edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nda yer alıb. Qaydaya əsasən, müsabiqənin keçirilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən nazirliyin əməkdaşlarından ibarət olmaqla azı beş nəfərdən ibarət işçi qrup yaradılır.
İşçi qrup layihələrin qəbulu və ekspertizasını həyata keçirəcək, onların maliyyə, hüquqi və pedaqoji baxımdan qiymətləndirilməsini aparacaq, həmçinin müsabiqələrin nəticələrini rəsmiləşdirəcək.
Qərara əsasən, işçi qrupunun iclasları üzvlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək, qərarlar isə açıq səsvermə yolu ilə qəbul olunacaq.
Sənədlərin tamlığı yoxlanıldıqdan sonra 30 gün ərzində işçi qrupu tərəfindən layihənin qiymətləndirilməsi aparılır. Qaydaya əsasən, layihənin müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır və müvafiq tələblərə cavab verməyən təkliflərə baxılmır. Layihə müsabiqənin şərtlər toplusunda göstərilən qaydada müsabiqə qalibinin seçilməsi meyarları və hər bir meyar üzrə həmin meyarın xüsusi çəkisi nəzərə alınmaqla balların verilməsi ilə qiymətləndirilir.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun iyulun 17-də imzaladığı Qərara əsasən, “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilib.