Məktəblilər üçün virtual muzey həftəsi davam edir
Bakı, 19 may, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə “Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün virtual muzey həftəsinə start verilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, virtual ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdir.
Layihə çərçivəsində mayın 24-dək hər gün türk dövlətlərinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat, virtual ekskursiya təşkil edəcək. Proqrama əsasən mayın 19-da Qazaxıstan Milli Muzeyi, 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, 21-də Türkiyənin Troya Muzeyi, 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Proqram mayın 24-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Virtual ekskursiyalara məktəblilərin və Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulur.