ELM VƏ TƏHSİL
“Məktəblinin dostu” layihəsi çərçivəsində tədbir: İstiqlalın sabahına qürurla get, Azərbaycan
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da “Məktəblinin dostu” layihəsi çərçivəsində 28 May - Respublika Gününə həsr olunan “İstiqlalın sabahına qürurla get, Azərbaycan” mövzusunda tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Məktəblinin dostu” layihəsi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə layihənin tətbiq olunduğu ümumtəhsil müəssisələrində təhsil alan istedadlı şagirdlərin və mərkəzin dərnək üzvlərinin birgə çıxışları yer alıb. 28 May - Respublika Günü münasibətilə onların ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları, muğamlar, instrumental musiqi əsərləri, rəqs nömrələri təqdim edilib.
“Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova diqqətə çatdırıb ki, tədbirin konsert proqramı şəklində təşkil olunmasının məqsədi şagirdləri respublikamızın mədəniyyəti ilə daha yaxından tanış etmək, Azərbaycan xalq mahnıları və rəqsləri vasitəsilə onlarda Vətənə sevgi hisslərinin artırılmasıdır. Həmçinin istedadlı şagirdlərin yaradıcılıq mərkəzləri ilə yaxından tanışlığı sayəsində onların potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti vurğulayıb ki, pandemiya şəraiti ilə əlaqədar məşğələlərin onlayn keçirilməsinə baxmayaraq dərnək üzvləri bayram tədbirinə həvəslə hazırlaşıblar. O bildirib ki, belə bayram konsertlərinin təşkil olunması uşaqlarda Vətənə sevgi hisslərinin aşılanmasında müsbət rol oynayır.
Sonda tədbirdə çıxış edən şagirdlərə sertifikatlar təqdim olunub.