Memar: Tikinti sektorunun iqtisadiyyatda rolu durmadan artır
Bakı, 12 iyun, AZƏRTAC
Ölkənin əsas iqtisadi yüksəliş tempini müəyyənləşdirən və ona təsir edən əsas maddi istehsal sahələrindən biri də tikintidir. Sosial və iqtisadi məsələlərin kompleks şəkildə həll edilməsi zərurətinin yarandığı bir zamanda tikinti sektorunun iqtisadiyyatda rolu durmadan artır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov deyib.
Onun sözlərinə görə, tikintidə investisiya qoyuluşlarının tənzimlənməsində digər əsas məsələ bu sahədə qiymətqoyma siyasətinin düzgün həyata keçirilməsidir. Respublikada investisiya fəaliyyəti prosesində məhsulların dəyəri sərbəst qiymət və tariflərlə, həmçinin tender nəticələrinə əsasən, qanunla müəyyən edilmiş hallarda isə dövlət tərəfindən tənzimlənən qiymət və tariflərə əsasən müəyyənləşdirilir.
Memar bildirib ki, tikinti kompleksinin inkişaf etdirilməsinin əsas məqsədi Azərbaycanda tikintidə sahibkarlığın inkişafı, inşaat bazasının formalaşdırılması, tikililərin möhkəmliyini, etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün dövlət siyasətinin istiqamətlərinin və tənzimləmə vasitələrinin müəyyənləşdirilməsidir.
F.Bayramov vurğulayıb ki, tikinti kompleksinin inkişafı istiqamətində investisiya qoyuluşlarının artırılmasında dövlət qanunlarının rolu əvəzsizdir. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib. Bununla yanaşı, ən vacib məsələ isə dövlət tərəfindən tikintiyə uzunmüddətli kreditlərin ayrılmasıdır. Bu kreditlər ayrılandan sonra dövlətin müvafiq orqanları tərəfindən kreditin təyinatı üzrə istifadəsinə nəzarət olunmalıdır: “Beləliklə, dövlət tikinti sahəsini stimullaşdırmaqla, faktiki olaraq onu qeyri-neft sektorunun ön sıralarına çıxarır və iqtisadiyyata müsbət təsir göstərməklə digər sahələrin də inkişafına nail olur. Bu gün tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırılması üçün atılan addımlar bilavasitə iqtisadiyyatın inkişafına xidmət edəcək”.
Memar, həmçinin əlavə edib ki, ölkəmizdə tikinti sektorunun inkişafında tikinti materialları sənayesinin rolu əvəzsizdir. Hazırda bu sahənin inkişafında dövlət tərəfindən məqsədyönlü islahatlar aparılır. Azərbaycan hökumətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı layihələr də tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.