Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 2-ci ildönümü münasibətilə hesabat iclası keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 2-ci ildönümü ilə əlaqədar hesabat iclası keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən bildirilib. Agentliyin kollektivi əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Sonra qurumun kollektivi Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev rəhbərlik etdiyi qurumun 2 illik fəaliyyəti və qarşıda duran vəzifələrdən söz açıb. O, agentliyin yaranma tarixi - 11 aprel gününün 2018-ci ildə xüsusi əhəmiyyətə malik olduğunu, həmin gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində İlham Əliyevin inamla qələbə qazandığını vurğulayıb.
Bildirib ki, şəffaf və demokratik şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin firavan və uğurlu gələcəyinə səs verib. Daha sonra Samir Nuriyev Azərbaycan Respublikasının Prezidentinə yenidən seçilməyi münasibətilə ünvanladığı təbrik məktubunun mətnini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, ölkədə vətəndaşların təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində uğurlu və uzunmüddətli islahatlar həyata keçirilir. Bununla yanaşı, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldığını vurğulayan sədr güzəştli mənzillərin tikintisi sahəsində də işlərin uğurla davam etdirildiyini söyləyib.
S.Nuriyev nəzərə çatdırıb ki, agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edərək, qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə reallaşdırılmasına nail olub.
Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin agentliyin fəaliyyətinin təşkilində rəhbər tutulan əsas sənədlərdən biri olduğunu qeyd edən İdarə Heyətinin sədri ötən müddət ərzində müvafiq tədbirlər planının mərhələlərlə icra olunduğunu bildirib.
Ölkə başçısının tapşırığına əsasən, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olması məqsədilə ötən müddət ərzində agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda 11,6 hektar, daha sonra isə Suraxanı rayonunda 20 hektar torpaq sahələri ayrılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulub.
S.Nuriyev diqqətə çatdırıb ki, 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksində tikinti işləri sürətlə davam etdirilir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik ümumtəhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.
Agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 260 yerlik olmaqla iki uşaq bağçası, xəstəxana və digər sosial-ictimai obyektlər inşa olunacaq.
Hazırda Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli yaşayış binasının tikintisi aparılır.
Qeyd olunub ki, agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb.
Ötən müddət ərzində 8200-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
Agentliyin İdarə Heyətinin sədri məlumat verib ki, bu ilin aprelin 6-da kütləvi informasiya vasitələrində Yasamal Yaşayış Kompleksinin ilk 260 mənzilinin güzəştli satışı ilə bağlı elan yerləşdirilib. Bütün mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir. Mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcək.
Mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçiriləcək. Satış dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında reallaşdırılacaq. Belə ki, verilmiş elana əsasən, bu ilin mayın 7-də - satış başladığı anda sistemə daxil olaraq mənzilləri ilk seçən şəxslər onları almaq imkanı əldə edəcək.
Satışa çıxarılan güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb.
Tədbirdə 2 illik hesabat məruzələri ilə çıxış edən agentliyin digər vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.