SİYASƏT
Mərakeşdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Rabat, 2 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində Azərbaycan-Mərakeş Dostluq Qrupunun fəalları ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov çıxış edərək respublikamızda, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların hər il dekabrın 31-ni - Həmrəylik Gününü böyük fəxr və şərəflə qeyd etdiyini, bu bayramın ildən-ilə daha geniş vüsət aldığını, daha geniş şəkildə keçirildiyini bildirib.
Səfir diqqətə çatdırıb ki, 2020-ci ildə - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Ermənistan üzərində möhtəşəm Qələbə ilində, xüsusilə 44 günlük müharibə ərzində beynəlxalq ictimaiyyət bu yenilməz həmrəyliyin bir daha şahidi oldu.
Sonra bu günün bayram edilməsinin tarixi barədə tədbir iştirakçılarına məlumat verən diplomat dünya azərbaycanlılarının həmrəyliyi ideyasının, onların təşkilatlanmasını daim diqqət mərkəzində saxlayan ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin bu istiqamətdə müstəsna xidmətlərini vurğulayıb, hələ 1991-ci ildə Naxçıvanda Ulu Öndərin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edildiyini bildirib.
Səfir deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı Sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirib. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - müdrik rəhbərin bu kəlamları hər bir azərbaycanlı üçün milli şərəf və qürur rəmzinə çevrildi.
O.Qurbanov vurğulayıb ki, bu gün dünya azərbaycanlılarının həmrəylik ideologiyası ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun əhatə etdiyi coğrafiya daha da genişlənir.
Sonda Azərbaycan-Mərakeş Dostluq Qrupunun fəalları ilə səfirlik arasında yeni ildə əməkdaşlıq fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat