SİYASƏT
MƏRAKEŞDƏ İSESKO İCRAİYYƏ ŞURASININ 29-CU SESSİYASI KEÇİRİLİR
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 2-də Rabat şəhərində İSESKO İcraiyyə Şurasının 29-cu sessiyası işə başlamışdır.
Tədbirdə Azərbaycanı ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov təmsil etmişdir.
İclası qurumun İcraiyyə Şurasının sədri Burkino Faso açaraq, bu sessiyanın İSESKO-nun 9-cu Baş Konfransının qərarlarına uyğun olaraq çağırıldığını vurğulamışdır. Sədr İSESKO-nun 2008-2010-cu illər üçün qəbul etdiyi Fəaliyyət Planının təhsil və mədəniyyət sahəsində bir sıra məsələlərin həllini və daha da inkişaf etdirilməsini ehtiva etdiyini diqqətə çatdırmışdır.
Daha sonra Mərakeş Krallığının təhsil naziri Əhməd Akşişin çıxış edərək, İSESKO-nun nəinki İslam aləmində, eyni zamanda dünya miqyasında tanınan bir təşkilata çevrildiyini və İslam ümmətinin üzləşdiyi bir sıra problemlərin həllinə öz töhfəsini verə biləcəyini qeyd etmiş, İslam aləmi ilə Qərb arasında dialoqun inkişafında İSESKO-nun çox işlər görə biləcəyini vurğulamışdır.
İSESKO tərəfindən 2008-2010-cu illər üçün qəbul olunmuş Fəaliyyət Planına toxunan Ə.Akşişin, İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişaf etdirilməsinin bu planın əsasını təşkil etdiyini diqqətə çatdırmışdır.
Sonda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri İcraiyyə Şurasının 29-cu sessiyasının çağırılmasının vacibliyindən danışaraq, rəhbərlik etdiyi təşkilatın son illərdəki fəaliyyəti və perspektivləri barədə ətraflı məlumat vermişdir.
Natiq Əfqanıstan, İraq və Fələstində cərəyan edən hadisələrin bütün İslam aləmini narahat etdiyinə diqqəti yönəldərək, beynəlxalq ictimaiyyəti bu problemlərdə daha ədalətli olmağa çağırmışdır.
İyulun 5-də başa çatacaq sessiya işini işçi iclaslarla davam etdirmişdir.
######