MƏRDƏKANDAKI 2 NÖMRƏLİ İNTERNAT MƏKTƏBİNDƏ “MAHİR NİŞANÇI” TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 28-də Mərdəkandakı 2 nömrəli internat məktəbində Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) təşkilatçılığı ilə güllə atıcılığı üzrə “mahir nişançı” turniri keçirilmişdir.
Yarışda Əzizbəyov rayonunun 1 və 2 nömrəli internat məktəblərinin şagirdləri pnevmatik silahdan hədəfə atəş açmaqda bacarıqlarını nümayiş etdirmişlər.
Tədbirdə çıxış edən KHVTİC-in Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov yeniyetmələrin və gənclərin vətənpərvərlik, fiziki və mənəvi tərbiyəsində idmanın böyük rol oynadığını, respublikamızda bu sahədə mühüm işlər görüldüyünü vurğulamışdır. O qeyd etmişdir ki, valideyn himayəsindən məhrum olmuş uşaqların gələcək həyata hazırlanması, onların Vətənimizə layiqli övlad kimi tərbiyə olunması ölkəmizin rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi böyük qayğı əsil insanpərvərlik nümunəsidir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər iki təhsil ocağı əsaslı təmir olunmuş, uşaqlara dərs ləvazimatları və tədris avadanlığı hədiyyə edilmişdir.
Əzizbəyov Rayonu İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, 1 nömrəli internat məktəbinin direktoru Vüqar Əliyev və digər natiqlər mütəmadi keçirilən belə tədbirlərin gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində, onların hərbi və fiziki hazırlığında əhəmiyyətini vurğulamışlar.
Tədbirdə KHVTİC kollektivinin uşaqlara gətirdiyi hədiyyələr paylanmışdır. Sonra isə hər iki təhsil ocağını təmsil edən “mahir nişançı”ların yarışına start verilmişdir.
Yarışda fərqlənən yeniyetmə “mahir nişançı”lar fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.