MERKEL VƏ BUŞ BİR-BİRİNDƏN RAZI QALDILAR
Buş Almaniya Kansleri ilə danışıqlardan sonra birgə mətbuat konfransında demişdir: “45 dəqiqəlik təkbətək görüşdən sonra mənim təəssüratım olduqca müsbətdir. O, ağıllıdır. Çox şeyə qadirdir. Onda cazibədar nəsə var, azadlığı sevir”.
Merkel isə Almaniya-ABŞ münasibətlərində “yeni fəsil”dən danışaraq bildirmişdir: “Zənnimcə, düzgün istiqamətdə yola yavaş-yavaş başlamışam. Ona görə təxminən yarım ildən sonra məndən soruşa bilərsiniz ki, bu münasibətlərə daha bir fəsil əlavə etməyə müvəffəq oldummu”.
Bununla yanaşı, Quantanamo barəsində fikir ayrılığı özünü hətta mətbuat konfransında da büruzə vermişdir. Buş təkrar etmişdir ki, bu düşərgəni hələlik bağlamaq olmaz, çünki o, amerikalıların təhlükəsizliyini təmin etmək sisteminin mühüm hissəsidir.
Lakin Merkel təkid etmişdir ki, hərbi əsirlər və terrorizmdə şübhəli bilinən şəxslər barəsində beynəlxalq qanunvericiliyə dəyişikliklər etmək zəruridir. Bu məsələdə bizdə zaman-zaman fikir ayrılıqları yarana bilər.
Buna baxmayaraq, ABŞ və Almaniya liderləri İranın nüvə proqramı barədə yekdil fikirdə olmuşlar. Onların rəyincə, bunu BMT Təhlükəsizlik Şurasında müzakirə etmək və yəqin ki, Tehrana qarşı sanksiyalar tətbiq olunması barədə məsələ qaldırmaq lazımdır. Buşun sözlərinə görə, İranda nüvə silahı olması yolverilməzdir, çünki bu, dünyada əmin-amanlığa təhlükə yaradar. Merkel isə əlavə etmişdir ki, İran kimi ölkələrə bizi hədələməyə yol verməyəcəyik.
Merkel Vaşinqtona yanvarın 12-də gəlmiş və ABŞ hökumətinin bir sıra məmurları ilə də görüşmüşdür. Bazar günü Almaniya Kansleri Moskvaya gələcəkdir.