Mərkəzi Asiya və Qafqaz İnstitutu: Ermənistanın iqtisadi bəlası
Bakı, 28 oktyabr, AZƏRTAC
Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutu tərəfindən Natalya Konarzevskanın müəllifi olduğu “Ermənistanın iqtisadi bəlası” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan iqtisadiyyatının hazırda tənəzzülə məruz qaldığı, 2014-cü ilin sonundan başlayaraq bu ölkənin milli valyutasının sürətlə devalvasiyaya uğradığı və bunun inflyasiya ilə nəticələndiyi qeyd edilir. Pul köçürmələrinin Ermənistanın ümumi daxili məhsulunun 21 faizini təşkil etdiyi və 2014-cü ildə Rusiyadan pul köçürmələrinin 56 faiz aşağı düşdüyü qeyd edilir. Pul köçürmələrinin həcminin azalmasının ölkə əhalisinin həyat şəraitinə mənfi təsir göstərdiyi barədə məlumat verilir.
Rusiyaya ixracın və xarici investisiyaların kifayət qədər azalması, dövlət borcunun artması və büdcə gəlirlərinin aşağı düşməsi fonunda Ermənistan iqtisadiyyatındakı durğunluğun qarşısının alınması üçün imkanların məhdud olduğu vurğulanır. Qeyd olunmalıdır ki, 2015-ci ildə Ermənistanın dövlət borcunun ölkənin ümumi daxili məhsulunun 44,5 faizini təşkil edəcəyi gözlənilir.
Məqalədə, həmçinin “Etihad Airways”, “Samsung”, “Orange” kimi aparıcı şirkətlərin Ermənistandakı fəaliyyətlərini dayandıracağını elan etmələri əks olunur.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2015-ci ildə Ermənistanın iqtisadi artımının zəif və ya mənfi olacağı gözlənilir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının heç də yaxşı dövrə təsadüf etmədiyi, bunun təşkilatın aparıcı üzvü olan Rusiyanın iqtisadiyyatının zəiflədiyi vaxtda baş verdiyi göstərilir.
2015-ci ilin mayında ABŞ və Ermənistan arasında Ticarət və İnvestisiya Çərçivə Sazişinin imzalanmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olmasının bu sazişin iqtisadi faydasını sual altına qoyduğu vurğulanır.
İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəticəsində Ermənistanın bu ölkə ilə qeyri-məhdud ticarət və investisiya imkanlarından faydalana biləcəyi, bu xüsusda İran və Ermənistanı Gürcüstanın Qara dəniz limanları ilə birləşdirən dəmir yolu xəttinin rəsmi Yerevan üçün ən vacib layihə olduğu diqqətə çatdırılır.
Ermənistanda elektrik enerjisinin qiymətinin artırılması nəticəsində 2015-ci ilin iyunundan bəri ölkədə baş verən etirazların hökumətin iqtisadi siyasətinə münasibətdə ictimai məyusluğun artdığını əks etdirməsi, Rusiya mediasının bu etirazları ABŞ-ın geosiyasəti ilə əlaqələndirməsi və Ermənistanda antirusiya dalğasının artacağından ehtiyat etməsi bildirilir. Bu istiqamətdə aparılan uzunmüddətli danışıqlardan sonra Rusiya tərəfinin Ermənistana satdığı qazın qiymətini aşağı salmağa razılıq verdiyi və Ermənistana hərbi avadanlıqların alınması üçün 200 milyon ABŞ dolları həcmində kredit ayırdığı əks olunur.
Məqalədə, həmçinin Ermənistan iqtisadiyyatının oliqarx strukturu və aşağı səviyyəli idarəçilik sisteminin iqtisadiyyatın modernləşdirilməsi və gücləndirilməsinə yönəldilmiş istənilən cəhdlərə əngəl olacağı vurğulanır.