Mərkəzi Bank tərəfindən Gəncədə keçirilən vətəndaşlarla görüşlərin əlçatanlığı artırılır
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təşəbbüslər davam etdirilir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, iyulun 20-dən 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində də (Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 784) Mərkəzi Bank tərəfindən vətəndaşlarla görüş keçiriləcək. Bu yanaşma görüş prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşlarla görüşü ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) xidmət mərkəzlərində həyata keçirilir.
Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaşlarla görüş üzrə imkanlar genişləndirilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında yerləşən “ASAN xidmət” mərkəzində (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7), Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi, 66), Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaşlarla görüş otağının fəaliyyəti təmin olunub. Eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar görüşlər təşkil olunur.
Vətəndaşlarla görüş ilə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın “966” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.