Mərkəzi Bank tərəfindən sahələrarası maliyyə axınlarının təhlili hesabatı yayımlanıb
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) özünün strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi, iqtisadi təhlil imkanlarının artırılması, habelə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin nəticələri geniş auditoriyaya təqdim olunur.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu xüsusda Mərkəzi Bank tərəfindən növbəti təhlil sənədi kimi 2022-ci ilin ikinci rübü üzrə Sahələrarası maliyyə axınlarının təhlili hesabatı hazırlanıb. Hesabat sənədi dövr ərzində bütövlükdə iqtisadiyyatda, o cümlədən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri üzrə ödəniş daxilolmalarının təhlilinə həsr olunub. Sahələrarası maliyyə axınlarının verilənlər bazası real vaxt rejimində hesablaşmalar sistemi (AZIPS) üzərindən daxil olan ödəniş məlumatları əsasında qurulub. Hesabat 2018-ci il yanvarın 1-dən 2022-ci il iyunun 30-dək dövrünü əhatə edən günlük məlumatlar əsasında hazırlanıb. Hesabatda iqtisadi fəaliyyət sahələri üzrə ödəniş daxilolmalarının dinamikası, həmçinin dövrlər üzrə müqayisəli təhlili aparılıb. Hesabatdakı məlumatlar makroiqtisadi göstəricilərin proqnozlaşdırılması baxımından informasiya mənbəyi, yeni təhlil və proqnoz aləti kimi istifadə oluna bilər. Sahələrarası maliyyə axınlarının təhlili hesabatı qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla davamlı şəkildə təkmilləşdirilərək rüblük əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada dərc olunacaq.