ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 18 Sentyabr - Milli Musiqi Günü münasibətlə virtual sərgi hazırlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin adaptasiya versiyası, “Koroğlu. Partitura” (5 pərdə), “Üzeyir Hacıbəylinin bədii dili”, “Qara Qarayev tələbələrin xatirəsində”, “Doğma elin halayları” dərs vəsaiti, “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri”, “Qüdsinin musiqi dünyası” fortepiano ilə oxumaq üçün romanslar, “Azərbaycan bəstəkarlarının əsərləri”, “Azərbaycan xalq mahnıları”, “Milli naxışlar” fortepiano üçün 10 konsert pyesi və digər dəyərli kitablar nümayiş olunur. Bundan əlavə, Beynəlxalq Muğam və Beynəlxalq Qəbələ Musiqi festivallarından, eləcə də “Qarabağ xanəndələri” və “Gənc xanəndələr” adlı MP3 formatında olan albomlar və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışının videogörüntüləri virtual sərgidə yer alıb.
Oxucular MEK-də təşkil edilən eyniadlı ənənəvi kitab sərgisi ilə də yaxından tanış ola bilərlər.