MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Mərkəzi Seçki Komissiyasının yanvarın 25-də Hökumət evinin akt zalında 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri və seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı müşavirəsi olmuşdur.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, seçki dairələri dairə seçki komissiyalarının rəhbərləri, MSK Katibliyinin məsul işçiləri iştirak etmişlər.
Müşavirəni MSK-nın sədri Məzahir Pənahov açaraq 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərinin artıq arxada qaldığını xatırlatmış, seçkilərin ümumilikdə demokratiya və şəffaflıq şəraitində, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyini bildirmişdir.
Bununla belə, bəzi məntəqə və dairə seçki komissiyalarının fəaliyyətində qanun pozuntularının aşkarlandığını, bir sıra aşağı seçki komissiyaları üzvlərinin işlərinə məsuliyyətsiz yanaşdıqlarını diqqətə çatdıran MSK sədri, buna görə də Mərkəzi Seçki Komissiyası tərəfindən 409 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edildiyini, 50 məntəqə seçki komissiyasının tərkibinin buraxıldığını, 135 bələdiyyədə seçkilərin etibarsız sayıldığını və 9 seçki dairəsi dairə seçki komissiyalarının sədrlərinin isə öz vəzifələrinə uyğun gəlmədiklərinin müəyyənləşdirildiyini bildirmişdir. O, bütün bunların xoşagəlməz hal olduğunu vurğulayaraq, aşağı seçki komissiyalarının üzvlərini bələdiyyə seçkilərinin yekunlarından lazımi nəticə çıxarmağa və qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşmağa, məsuliyyət hissini artırmağa çağırmışdır. Elə addımlar atmaq lazımdır ki, vətəndaşların seçki hüququ tam təmin olunsun. Respublikamızda seçkilərin qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılmış və bundan sonra da belə olacaqdır. Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün yerlərdə seminarlar və məşğələlər keçirilmiş, qarşıdan gələn seçkilər ərəfəsində də belə tədbirlər keçiriləcəkdir.
MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi işinə ciddi yanaşmağın vacibliyini də xüsusi vurğulamışdır. Əvvəlki seçkilərə nisbətən bələdiyyə seçkiləri zamanı seçici siyahıları ilə bağlı şikayətlərin çox az olduğunu bildirən sədr demişdir ki, bununla belə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi böyük məsuliyyət və gərgin əmək tələb edir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov da öz məruzəsində 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərinin yekunlarından danışmış, aşağı seçki komissiyalarının fəaliyyəti ilə bağlı irad və təkliflərini bildirmişdir.
MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı çıxış etmişdir.
Tədbirdə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Azərbaycan üzrə rəhbəri Kristofer Şildz iştirak etmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti