MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, komissiyanın sədri Milli Məclis tərəfindən Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbulunu çox mütərəqqi bir addım adlandırmış və qeyd etmişdir ki, bu Qanun seçki praktikasının təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. O, həmin sənədin qarşıdan gələn prezident seçkilərinin daha demokratik və ədalətli keçirilməsində əhəmiyyətli rol oynayacağını qeyd etmiş və qanun layihəsini qanunvericilik təşəbbüsü yolu ilə Milli Məclisə təqdim edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Sonra MSK-nın 2008-ci il 10 iyun tarixli iclasının protokolu təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi normativ aktların qəbuluna dair məsələ barədə məlumat vermişdir. Komissiyanın qərarı ilə bəzi normativ aktlar qəbul olunmuş və müvafiq seçkilərin hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzimləyən normativ aktlar qüvvədən düşmüş hesab edilmişdir.
MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin dislokasiyalarında dəyişikliklərə dair məsələ barədə məlumat vermişdir. Qərara alınmışdır ki, 72 saylı Yardımlı-Masallı, 78 saylı Lerik-Lənkəran, 84 saylı Füzuli və 102 saylı Samux-Şəmkir seçki dairələrinin dislokasiyalarında dəyişikliklər edilsin.
MSK 5 saylı Şahbuz-Babək, 20 saylı Nərimanov ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 49 saylı Yevlax-Mingəçevir və 59 saylı Salyan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, qəbul etdiyi sənədlər və seçki qanunvericiliyinə dair digər məlumatları əldə etmək istəyən şəxslər MSK-nın rəsmi internet səhifələrinə müraciət edə bilərlər. Komissiyanın internet səhifələrində, həmçinin seçici siyahıları ilə tanışlıq və adların vahid seçici siyahısında olub-olmamasını yoxlamaq da mümkündür. MSK-nın internet ünvanı belədir: www.msk.gov.az; cec.gov.az; infocenter.gov.az