MƏRKƏZİ UNİVERSİTET KLİNİKASI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili Tbilisinin Vaja Pşavela prospektində tikilən Mərkəzi universitet klinikası (keçmiş Respublika xəstəxanası) ilə tanış olmuşlar. Səhiyyə işçiləri prezidentləri səmimiyyətlə qarşıladılar.
Klinikanın direktoru Nikoloz Tibşidze məlumat verdi ki, 1974-cü ildə tikilmiş binada keçən il əsaslı təmir-tikinti və yenidənqurma işlərinə başlanılmışdır.
Prezidentlər ayrı-ayrı şöbələrə baxdılar, quraşdırılmış müasir avadanlıqla yaxından tanış oldular. Bildirildi ki, tibb universitetinin tələbələri bu klinikada ixtisasartırma kursları keçəcəklər.
Gürcüstanın sosial müdafiə, əmək və səhiyyə naziri Vladimir Gipaşvili Prezident İlham Əliyevə məlumat verərək dedi ki, tikinti və yenidənqurma işləri bu il başa çatacaq, ərazi daha da genişləndiriləcək və burada böyük bir tibb mərkəzi yaranacaqdır.
Prezidentlər klinikaya hədiyyə olunmuş təcili tibbi yardım maşınlarına da baxdılar.