Məscidlərdə Xocalı faciəsi qurbanlarının ruhuna Qarabağ azanı səslənmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyası və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” kampaniyası uğurla davam edir.
DQİDK-dan AZƏRTAC-a bildirmişlər ki, kampaniya çərçivəsində fevralın 26-da bütün ölkə boyu məscidlərdə günorta namazında Qazi Qarabağ azanı səsləndirilmişdir. İndiyədək Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən çox, digər bölgələrdə isə 50-dən artıq dini icma kampaniyaya qoşulmuşdur və bu proses davam edir.
Kampaniya çərçivəsində fevralın 22-də Ağdamın Çəmənli kəndində, cəbhənin iki kilometrliyində yerləşən “Cümşüd” məscidində həmin azan səsləndirilmişdir. Bu tədbirdə DQİDK sədri Elşad İsgəndərov tərəfindən irəli sürülən təşəbbüs dini icmalar tərəfindən dəstəklənmişdi. Belə ki, Dövlət Komitəsinin sədri Qazi Qarabağ azanının ən azı həftədə bir gün - Cümə günləri ölkənin bütün məscidlərindən səsləndirilməsi təşəbbüsünü irəli sürmüşdü. Bundan başqa, Xocalı soyqırımının ildönümü günü azanın ölkə məscidləri ilə yanaşı, dünyanın 30-dan çox ölkəsində keçiriləcək anım tədbirlərində, o cümlədən Türkiyədə, İranda, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülmüş və tədbirdə iştirak edən xarici ölkələrin səfirliklərinin nümayəndələri tərəfindən dəstəklənmişdi.
Qazi Qarabağ azanı işğaldan əvvəl Ağdamın və Şuşanın “Cümə” məscidlərindən səsləndirilən son azandır. Azan Qarabağın məşhur simalarından olan Hacı Hafiz Sədrzadə tərəfindən səsləndirilmiş və lentə köçürülmüşdür. 20 ildən sonra dini icmaların irəli sürdüyü təşəbbüslə qeyd olunan azanın cəbhə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdi.
“Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” kampaniyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən dini icmalarda, o cümlədən ictimaiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır.