CƏMİYYƏT
“MƏSLƏK” QƏZETİNİN 5 YAŞI
Sumqayıtda çıxan “Məslək” qəzetinin 5 yaşı tamam olmuşdur. Bu münasibətlə keçirilmiş tədbirdə çıxış edənlər qəzetin yaranma tarixindən, Sumqayıtın ictimai-siyasi, sosial-mədəni həyatındakı rolundan danışmışlar. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası Sumqayıt təşkilatının yaradıcılarından biri, mərhum filoloq alim İldırım Qasımlı tərəfindən əsası qoyulmuş bu mətbu orqan Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmlənməsi işinə xidmət etmiş respublika Prezidenti Heydər Əliyevin apardığı uğurlu, uzaqgörən xarici və daxili siyasətin təbliği sahəsində fəaliyyət göstərmişdir.
Natiqlər “Məslək”i öz dəst-xətti, daim axtarışda olan, oxucuların rəğbətini qazanmış qəzet kimi səciyyələndirmişlər.
Qəzetin baş redaktoru Ucal İldırım tədbirin iştirakcılarına, “Məslək”in oxucularına, ona yardımçı olanlara təşəkkürünü bildirmişdir.
Tədbirdə Milli Məclisin Sumqayıtdan olan deputatları, şəhər icra hakimiyyətinin, bələdiyyəsinin rəhbərliyi iştirak etmişlər.