Məşqçilər üçün texniki təlim kursunun açılışı olub
Bakı, 24 iyun, AZƏRTAC
Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Voleybol Federasiyası və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə məşqçilər üçün texniki təlim kursunun iyunun 24-də açılışı olub.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, baş katibi Elşən İsmayılov, “Azərreyl” voleybol klubunun vitse-prezidenti Vəsilə Abulova iştirak ediblər.
Çingiz Hüseynzadə tədbirdə çıxış edərək voleybolun Azərbaycanda ən çox sevilən idman növlərindən biri olduğunu deyib. O, belə seminarların paytaxtımızda keçirilməsindən məmnunluğunu bildirib.
İştirakçılara uğurlar arzulayan Faiq Qarayev onun da yetirmələrinin kursa qatılmalarından məmnunluğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə belə seminarları keçirmək üçün hər cür şərait var.
Qeyd edək ki, layihənin məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının proqramı üzrə keçirilir. Türkiyə və Sloveniyadan olan beynəlxalq dərəcəli iki təlimçinin iştirakı ilə keçirilən təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir.
Layihədə ümumilikdə 32 məşqçi iştirak edir. Onların arasında Türkiyə, İsrail və digər ölkələrdən nümayəndələri var. İyunun 20-də start götürmüş kurs iyulun 2-dək davam edəcək. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.