CƏMİYYƏT
MƏŞVƏRƏT ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 26-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilmişdir.
İclasda aprelin 26-27-də Bakıda təşkil olunmuş dünya dini liderləri sammitinin nəticələrinin təbliği məsələləri nəzərdən keçirilmiş, iyunun 18-19-da Londonda baş tutmuş “Dinlərarası dialoq: Azərbaycan və konfliktlərin həlli” mövzusunda konfransın yekunları haqqında məlumat dinlənilmiş, dekabrın 1-2-də paytaxtımızda keçiriləcək “Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar” mövzusunda konfransa hazırlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin, ölkədə dini durumla bağlı məlumat dinlənilmiş, dini maarifçiliyin gücləndirilməsi və cari məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.
Məşvərət Şurasının sədri Hidayət Orucov respublikamızda yüksək səviyyədə keçirilmiş dünya dini liderlərinin Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, tədbir Prezident İlham Əliyevin xüsusi dəstəyi ilə yüksək səviyyədə keçirilmişdir.
Dekabrın əvvəllərində Bakıda “Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransa hazırlıqla bağlı məlumat verilmişdir. Bildirilmişdir ki, tədbirə bir çox xarici ölkələrin dövlət qurumlarında dini məsələlərlə məşğul olan rəhbər işçilər, ənənəvi dinlərin liderləri, tanınmış ilahiyyatçılar və politoloqlar dəvət olunmuşlar. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete və Məşvərət Şurasının digər üzvləri konfransın dövlət-din münasibətlərinə çağdaş meyarlarla yanaşma baxımından aktual olduğunu vurğulamış, beynəlxalq konfransın daha yüksək səviyyədə təşkili üçün təkliflərini vermişlər.