DÜNYA
“Meta” kompaniyası ABŞ və Aİ-də istifadəçi məlumatlarını ötürdüyünə görə cərimə olunub
![“Meta” kompaniyası ABŞ və Aİ-də istifadəçi məlumatlarını ötürdüyünə görə cərimə olunub](/files/2023/2/1200x630/16847648364355424131_1200x630.jpeg)
Bakı, 22 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) tənzimləyicisi “Meta” kompaniyasını Birləşmiş Ştatlarda istifadəçi məlumatlarını başqalarına ötürdüyünə görə 1,3 milyard dollar məbləğində cərimə edib. Bu barədə “Wall Street Journal” nəşri öz mənbələrinə istinadla xəbər yayıb. Bu, Aİ-nin tarixində ən böyük məbləğdə cərimədir.
AZƏRTAC xəbər verir ki, tənzimləyicinin yaydığı informasiyada göstərilib ki, “Meta” kompaniyası uzun illər ərzində Facebook sosial şəbəkəsinin avropalı istifadəçilərinin məlumatlarını özünün Birləşmiş Ştatlardakı serverində qeyri-qanuni saxlayıb və Amerikanın casus agentlikləri bu informasiyalara giriş əldə etmək imkanına malik olublar.
Aİ-nin təyin etdiyi cərimə bundan əvvəl “Amazon” şirkətinə verilmiş analoji cəzadan (805 milyon dollar) çoxdur. Bu şirkəti 2021-ci ildə Lüksemburqda rəqəmsal kommersiya nəhənginin reklam biznesinin məxfiliyini pozduğuna görə cərimələyiblər. “Amazon” həmin qərara qarşı məhkəmə iddiası qaldırmışdı.
Cərimə ilə yanaşı, Aİ-nin qərarında “Meta” kompaniyasından Facebook sosial şəbəkəsindəki avropalı istifadəçilərin məlumatlarını ABŞ-ə göndərilməsinə son qoyulması, həmçinin artıq göndərilmiş informasiyaların altı ay müddətində silinməsi tələb olunub.
Lakin “Meta” kompaniyası ABŞ və Aİ arasında məlumatların transsərhəd mübadiləsinə dair saziş imzalanacağı təqdirdə bu sanksiyalardan qurtula bilər. Həmin saziş minlərlə transmilli şirkətə məlumatları Birləşmiş Ştatlara ötürməyə imkan verəcək. Kompaniya istifadəçi məlumatlarını Avropadan Amerikaya köçürür və öz məlumat mərkəzlərində onları idarə edir. “Meta” Avropadakı istifadəçilərin məlumatlarını saxlamaq imkanına malik olmadığı halda öz sistemlərini yenidən qura bilərdi və bu, informasiyaların böyük bir hissəsinin regionda qalmasını təmin edərdi. Amma bunu reallaşdırmaq çox çətindir, - deyə “Wall Street Journal”a məlumat verən mənbə qeyd edib.
“Meta” ABŞ Qiymətli Kağızlar Komissiyasına verdiyi hesabatda göstərib ki, məlumatların ötürülməsinin qadağan ediləcəyi təqdirdə, kompaniya Aİ-də öz xidmətlərini dayandırmalı olacaq. Korporasiyanın məlumatına görə, Avropada Facebook sosial şəbəkəsinin 255 milyon istifadəçisi var. “Meta”nın gəlirlərinin təqribən dörddəbiri bu regionun payına düşür.