MƏTBUAT ŞURASI “AZƏRBAYCAN” QƏZETİNİN 90 İLLİK YUBİLEYİ İLƏ BAĞLI “DƏYİRMİ MASA” KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Mətbuat Şurasında “Azərbaycan” qəzetinin 90 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Şura sədri Əflatun Amaşov yubiley ərəfəsində keçirilən tədbirdə dolğun fikirlərin, dəyərli təkliflərin səslənəcəyinə əmin olduğunu vurğulamışdır.
Qəzetin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Bəxtiyar Sadıqov nəşrin ölkəmizin dövlət müstəqilliyinin qorunmasına, beynəlxalq nüfuzunun gücləndirilməsinə, cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatının dolğun ödənilməsinə və digər həyati məsələlərə necə yer verməsindən, tarixilik ənənələrinə sadiqlik nümayiş etdirməsindən danışmışdır.
Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, Mətbuat Şurası İdarə heyətinin üzvləri - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Asif Rüstəmli və BDU-nun mətbuat tarixi kafedrasının müəllimi Qərənfil Dünyaminqızı “Azərbaycan” qəzetinin fəaliyyətinin ayrı-ayrı sahələrini təhlil etmişlər.