MƏTBUAT ŞURASINDA MÜRACİƏTLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası avqustun 22-də keçirdiyi iclasında bir sıra müraciətlərə baxmışdır.
Komissiyadan bildirmişlər ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) “Exo” qəzetində dərc olunmuş “Yol polisinin etologiyası” sərlövhəli, “Təzadlar” qəzetinin 5-12 avqust 2008-ci il tarixli sayında verilmiş “Polislə fahişələrin işbirliyi” sərlövhəli yazılarla əlaqədar müraciətinə baxılmış və hər iki məqalənin bir sıra etik prinsiplərə uyğun gəlmədiyi göstərilmişdir.
Bundan əlavə, iclasda “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyinin müraciəti əsasında “Hürriyyət” (“Emin Hüseynov həqiqətən döyülüb?”) və “Gündəlik Bakı” qəzetlərində (“Emin Hüseynli növbəti “qurban” rolunda”) dərc olunan yazılara da münasibət bildirilmişdir.
Komissiya “Azadlıq” qəzetində dərc olunmuş “Oliqarx məmurlar YAP-ı ələ keçirirlər” və “YAP-da pul davası” (25 iyul 2008-ci il) sərlövhəli yazılarla bağlı müraciətlərə də baxmışdır.
Şikayətlərin araşdırılması zamanı məlum olmuşdur ki, həmin yazılarda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun müddəalarının, eləcə də “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq tələblərinin pozulması faktları vardır. Məqalələrdə konkret sənəd, fakt, dəlil-sübutlara əsaslanmadan “mötəbər mənbə” adı ilə təşkilatların nüfuzuna zərbə vurmağa yönələn fikirlərə yer verilmişdir.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası həmin qəzetlərin redaksiyalarına çap etdirdikləri materialla bağlı qarşı tərəfin mövqeyini əks etdirən yazı verməyi və üzr istəməyi tövsiyə etmişdir.