“Metodik kabinetin hesabat siyahısı nümunəsinin şərhi” mövzusunda vebinarlar təşkil olunub
Bakı, 28 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən metodik kabinet müdirləri və metodistlər üçün növbəti vebinarlar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Metodik kabinetin hesabat siyahısı nümunəsinin şərhi" mövzusunda keçirilən vebinarlar metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsi məqsədilə təşkil edilib. Vebinarlarda spiker qismində Metodik Dəstək Mərkəzinin Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə çıxış edib.
Distant təlimlər zamanı özünüinkişaf, mənimsəmənin ölçülməsi, pedaqoji və idarə heyətinin attestasiyası, seminar və konfranslar, dərsdənkənar fəaliyyət, təcrübə mübadiləsi, ümumtəhsil müəssisələrində innovativ fəaliyyətlərə metodik dəstək və s. mövzularda hesabatların siyahısının şərhi təqdim olunub. Bundan əlavə, tədris layihələri haqqında valideynlərin maarifləndirilməsi və icmanın cəlb edilməsi, həmçinin dərs dinləmə və müşahidə vərəqləri, açıq dərslər, qarşılıqlı dərs dinləmə, müşahidələrin keçirilməsində iştirak və metodik dəstək mövzuları haqqında məlumat verilib.
Təlimlərdə 350-dən çox metodik kabinet müdiri və metodist iştirak edib. Növbəti aylarda Metodik Dəstək Mərkəzi tərəfindən müxtəlif məzmunda distant seminarlar davam etdiriləcək.