Məzahir Pənahov: Beş milyondan artıq seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün 5547 məntəqədə hər cür şərait yaradılıb. Hazırlıqla bağlı bütün işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında məlumat verib.
MSK sədri bildirib ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub. Bütün işlər Təqvim Planına uyğun olaraq həyata keçirilib. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb. Bu da hər dairəyə 6-dan çox namizəd deməkdir. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd var. Seçicilərin rahat şəraitdə səs verməsi üçün lazım olan bütün işlər həyata keçirilib.
Məzahir Pənahov deyib ki, noyabrın 1-də saat 7:30-dan etibarən məntəqələrdə canlanma başlayacaq. Saat 8:00-da isə müşahidəçilərin, KİV nümayəndələrinin iştirakı ilə seçki prosesinə start veriləcək.
Qeyd edilib ki, seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edəcək. Bu da ölkədə parlament seçkilərinə olan marağın göstəricisidir. Siyasi partiyalarla yanaşı, vətəndaşlar da seçkilərə böyük maraq göstərirlər.
Diqqətə çatdırılıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb. MSK-nın internet saytına girən şəxs həmin məntəqələrdə canlı müşahidə apara bilər. Bu il məntəqələrdə quraşdırılmış veb-kameralar əvvəlkilərdən daha keyfiyyətlidir. Seçkilərin şəffaf, ədalətli qaydada keçirilməsini təmin etmək və dünya ictimaiyyəti üçün açıq olmasını göstərmək üçün ən son texnologiyadan istifadə edilir.
Məlumat verilib ki, seçkiləri izləmək üçün ümumilikdə 66 min yerli müşahidəçi qeydiyyatdan keçib. KİV nümayəndələri nəzərə alınmadan təxminən hər məntəqəyə 11 yerli müşahidəçi düşür. KİV nümayəndələri müşahidə üçün sərbəstdirlər. Onlar akkreditasiyadan keçmirlər. Beynəlxalq müşahidəçilərdən isə 503 nəfər akkreditasiyadan keçib. Onlar 40-a yaxın nüfuzlu beynəlxalq qurumun nümayəndələridir. Müşahidəçilər üçün də bütün lazımi şərait yaradılıb. KİV nümayəndələrinin bölgələrdəki müşahidəçilər, xüsusilə də beynəlxalq müşahidəçilər ilə təmasa girməsi seçki prosesinin ictimaiyyətə çatdırılması baxımından çox əhəmiyyətli rol oynayacaq. Bundan başqa, bir neçə təşkilat “exit-poll” keçirəcək. Onlardan dördü yerli, ikisi isə ABŞ və Fransadan olan təşkilatlardır. Seçicilər “exit-poll” keçirənlərin suallarına cavab verməkdən çəkinməməlidirlər.
Bildirilib ki, müşahidəçilər seçki komissiyalarının fəaliyyətinə müdaxilə etməməlidirlər. Seçki prosesini izləmək üçün bütün müşahidəçilərə geniş səlahiyyətlər verilib. Lakin bu, o demək deyil ki, hansısa müşahidəçi seçki prosesinə qeyri-qanuni müdaxilə etməlidir. Hər şey qanun çərçivəsində olmalı və müşahidəçilər seçki prosesi başlayandan bitənə qədər öz müşahidələrini aparmalıdırlar. Əgər onlar hansısa qanun pozuntusu ilə qarşılaşarlarsa onu rəsmiləşdirməlidirlər. Bütün proseslərin sivil qaydada olması vacibdir.
“Hesab etmirəm ki, seçki komissiyalarında hansısa xoşagəlməz, qanundan kənar hal baş versin. Amma istisna da etmirəm. Bunlar təəssüf doğursa da, seçki reallığıdır. İstənilən ölkədə bu cür hallar baş verə bilər. Əsas odur ki, qanunsuz hal dərhal aşkar edilsin və qarşısı alınsın”, - deyə Məzahir Pənahov qeyd edib.
MSK sədri vurğulayıb ki, seçki prosesini izləyən müşahidəçilər arasında sifarişlə gələnlər də var. Onlar Azərbaycanı istəməyənlərdir. Buna görə də hər kəs vətəndaşlıq mövqeyindən çıxış etməli, ölkəmiz haqqında doğru olmayan və hansısa maraqlara uyğun şəkildə mənfi fikir formalaşdırmaq istəyənlərə qarşı çıxmalı, onlara imkan verməməlidirlər.
Jurnalistlərin suallarını cavablandıran Məzahir Pənahov deyib ki, Azərbaycana müşahidəçi göndərib-göndərməmək hər bir təşkilatın öz hüququdur. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu istisnadır. Çünki bu orqan məhz ondan ötrü yaradılıb ki, quruma üzv ölkələr dəvət edəndə onun nümayəndələri seçkiləri müşahidə etsinlər. Onların yanaşması ilə bizim yanaşmamızda fərq ola bilər. Ancaq seçkiləri müşahidə etmək üçün ölkəyə gəlməkdən tamamilə imtina etmək olmaz. Xüsusilə də gəlmək barədə qərar qəbul olunduğu, müşahidəçilərin gəlmə vaxtına qədər bütün məsələlər razılaşdırıldığı halda, hansısa səbəbdən hər hansı orqanda baş verən hadisədən sonra birtərəfli qaydada bəyanat verərək öz funksiyasını yerinə yetirməmək başa düşülən deyil. Bunu hər hansı Avropa ölkəsinə qarşı etsəydilər, yəqin ki, bu təşkilatı həmin ölkədən üzr istəməyə vadar edərdilər. Ancaq göründüyü kimi, hər kəs öz maraqlarından çıxış edir.