MİHİ koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bir sıra işlər həyata keçirib
Bakı, 20 aprel, AZƏRTAC
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bir sıra işlər həyata keçirib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq MİHİ Respublika Komitəsi xidmətində olan şəhər, rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatlarına elektron poçt vasitəsilə sirkulyar məktub göndərərək (COVID-19) virusunun törətdiyi fəsadların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Karantin dövrü elan olunandan indiyədək MİHİ Respublika Komitəsi və xidmətdə olan təşkilatlar işlərini günün tələblərinə uyğun qurub. Belə ki, ilk təşkilatlarda dezinfeksiya işləri aparılıb, imkansız olan ittifaq üzvlərinə ərzaq məhsulları, qoruyucu maska, əlcək və spirt paylanılıb, yaşı 65-dən yuxarı olan imkansız işçilərə maddi yardımlar verilib, Koronavirusla Mübarizəyə Dəstək Fonduna MİHİ RK-nın xidmətində olan təşkilatlar tərəfindən on min manatdan artıq vəsait köçürülüb, MİHİ-nin şəhər və rayon komitələri tərəfindən ittifaq üzvlərinə iyirmi min manatdan çox maddi yardım göstərilib, Mədəniyyət Nazirliyinin “Evdə qal - Evdə yarat” aksiyasına qoşularaq, musiqi məktəblərində “onlayn” qaydada dərslərin keçirilməsi üçün lazımi köməkliklər göstərilib, MİHİ Respublika Komitəsinin Regional Ərazi Metodiki Mərkəzlərində əhatə olunan rayon komitələri arasında “WhatsApp” qrupları yaradılıb.
Eyni zamanda, ilk gündən başlayaraq komitə sədrləri videogörüntü vasitəsilə əlaqə yaradaraq gündəmdə olan məsələləri müzakirə etməkdədir, həmçinin MİHİ Respublika Komitəsinin “Facebook” səhifəsində koronavirus pandemiyası (COVID-19) ilə bağlı məlumatlar işıqlandırılmaqdadır.
Qeyd olunan istiqamətlər üzrə işlər hazırda da davam etdirilir.