Mikrobiologiya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova Xocalı soyqırımı barədə məruzə ilə çıxış edib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyilə Xocalı şəhərinə hücum edib. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisində 613 nəfər öldürülüb, 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Daha sonra şuranın üzvü Süsən Abdullayeva Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıb və bu fəaliyyətdə gənclərin öhdəsinə xüsusi vəzifə düşdüyünü qeyd edib.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.