MİLLİ AVİASİYA AKADEMİYASINA AKKREDİTASİYA SERTİFİKATI TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Milli Aviasiya Akademiyasına akkreditasiya sertifikatı təqdim edilmişdir. Bununla yanaşı, akademiyaya Oksford sammitinin Avropada keyfiyyət mükafatı da verilmişdir.
Qeyd olunmuşdur ki, Milli Aviasiya Akademiyasının yaranması Azərbaycan üçün tarixi hadisədir. Qısa müddət ərzində Avropa standartlarına uyğunlaşdırılan bu təhsil müəssisəsi ölkənin aviasiya şəbəkəsinin idarə olunması üçün yüksək hazırlığa malik kadrlar yetişdirir.
Təhsil naziri Misir Mərdanov bildirmişdir ki, bu təhsil ocağı yüksək ixtisaslı kadrların hazırlanması üçün bütün imkanlara, yüksək maddi-texniki bazaya malikdir. Sonra nazir akademiyaya təhsil müəssisələrinin akkreditasiya sertifikatını təqdim etmişdir. Nazir akademiyanın rektoru, akademik Arif Paşayevi və ali təhsil müəssisəsinin kollektivini təbrik etmişdir. Yüksək səviyyəli kadrların yetişməsində xüsusi rolu olan bu təhsil müəssisəsinin yaradılmasında göstərdiyi xidmətlərə görə, nazir akademik Arif Paşayevə minnətdarlığını bildirmişdir.
Akademiyanın rektoru Arif Paşayev bildirmişdir ki, ali təhsil müəssisəsi sertifikata uyğun yüksək keyfiyyətə nail olmaq və göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarından istifadə edəcəkdir.
Akademik Roald Sardeyev Oksford sammitinin sertifikatı və mükafatını akademiyanın rektoruna təqdim etmişdir. Roald Sardeyev əminliklə bildirmişdir ki, ölkədəki sürətli iqtisadi inkişaf bu sahədəki uğurlu inteqrasiyaya da müsbət təsir göstərəcəkdir.
Daha sonra akademik rabitə peyklərinin texniki imkanları barədə məlumat vermişdir. Milli Aviasiya Akademiyasının ali texniki təhsildə lider olduğu vurğulanmış, Azərbaycanın geniş xətli rabitə peykinin yeni komponentinin istifadəsi üzrə də lider adını qazanacağı bildirilmişdir.
Akademik Arif Paşayev təhsil naziri Misir Mərdanova və akademik Roald Sardeyevə Azərbaycan xalçasının sertifikatlarını təqdim etmişdir.