ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində astronomik cihaz olan üstürlab qorunur
Bakı, 29 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında orta əsrlər Azərbaycanının elm və mədəniyyətinə ayrılmış vitrində Sənədli mənbələr fondunda qorunan müxtəlif nadir əlyazmalarla yanaşı, həmin dövrdə məktəb və mədrəsələrdə istifadə olunmuş, üstü miniatürlə bəzədilmiş qələm və qələmdanlar, eləcə də astronomik cihaz olan üstürlab və kvadrantlar nümayiş edilir. Bunların arasında IX-XIV əsrlərə aid üstürlab xüsusi yer tutur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Silahlar və bayraqlar fondunda mühafizə olunan və bürüncdən hazırlanmış üstürlabın üzərində müxtəlif nəbati naxışlarla yanaşı, 12 Zodiak bürcünün təsviri verilib. İlk dəfə Qədim Yunanıstanda meydana çıxmış bu astronomik cihazı müsəlman alimləri daha da təkmilləşdirib, ondan təkcə vaxtın müəyyən olunması, gecə-gündüzün uzunluğunun təyini və s. üçün deyil, bir sıra riyazi hesablamaların aparılması, ulduz cədvəllərinin tərtibi və digər astroloji məlumatın əldə edilməsi üçün də istifadə ediblər.