MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNDƏKİ EKSPONATLAR QONAQLARDA MARAQ DOĞURMUŞDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Baş nazirinin müavini Nodirxon Xanov sentyabrın 9-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonağa məlumat verilmişdir ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş və Bakının nadir memarlıq abidələrindən sayılan bu bina Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeydə Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Nodirxon Xanov muzeydəki eksponatlara xüsusi maraq göstərmişdir.
Qonağa bildirilmişdir ki, 130-dan çox işçisi olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş və yeni görkəm almışdır.
Qonaq muzeydən zəngin təəssüratlarla ayrılmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]