MİLLİ BANK HAQQINDA DƏYƏRLİ VƏSAİT
Azərbaycan Respublikası Milli Bankının 10-cu ildönümünə həsr olunmuş yeni yubiley dərgisi çapdan çıxmışdır. Nəfis tərtibatla nəşr olunmuş jurnal həm də dəyərli dərs vəsaitidir.
Jurnalda Müstəqil dövlətimizin quruculuq dövrünün ilk illərində yeni tipli dövlət orqanı kimi fəaliyyətə başlamış Milli Bankın tarixi inkişaf yolundan, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan radikal islahatlar çərçivəsində makroiqtisadi sabitliyin təmin olunmasından, inkişafa yönəlmiş çevik pul-kredit və valyuta siyasətinin yeridilməsində Milli Bankın rolundan, 10 il ərzində formalaşmış və uğurla sınaqdan çıxmış monetar idarəetmə və milli bank quruculuğu təcrübəsindən söhbət açılır.
Jurnala ön söz yazan İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edir ki, Milli Bank üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətinin bütün istiqamətlərini MDB məkanında öncül olaraq strateji planlaşdırma əsasında təkmilləşdirmiş, aparıcı qərb dövlətlərinin mərkəzi banklarının iş təcrübəsini öyrənərək özünün idarəetmə və tənzimləmə mexanizmini qurmuşdur.
Jurnalın Azərbaycan bank sisteminin normativ hüquqi bazasının təşəkkülü və inkişafına, milli bank sisteminin, bank nəzarətinin təkmilləşdirilməsinə, keçid dövründə makroiqtisadi vəziyyətin təhlilinə, pul-kredit siyasətinin yekunlarına, maliyyə bazarlarının formalaşması və inkişafına, ödəniş sisteminin inkişaf istiqamətlərinə, bank sistemində mühasibat uçotunun təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş xüsusi bölmələrində Milli Bank haqqında, onun inkişaf mərhələləri barədə dolğun məlumatlar verilir.
Yubiley dərgisində həmçinin Azərbaycanda nağd pul dövriyyəsinin təşkili, milli valyutamızın inkişafı və onun dayanıqlı olması üçün görülmüş tədbirlərin mahiyyəti açıqlanır, Milli Bankın beynəlxalq əməkdaşlıq, dünya maliyyə-bank sistemi ilə inteqrasiya sahəsində əldə etdiyi nailiyyətlər barədə oxucuya geniş məlumatlar verilir.
10 illik yubileyə layiqli töhfə olan jurnalın son bölməsində Milli Bankda strateji planlaşdırmadan, qarşıda duran vəzifələrdən və əsas inkişaf istiqamətlərindən bəhs edilir. Qeyd olunur ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən maliyyə-kredit, maliyyə-bank sistemi qurulmuşdur, lakin qarşıda daha əzəmətli və məsuliyyətli inkişaf yolu durur: bu yol dövlətimizi, ölkə vətəndaşlarını daha firavan həyata aparmalıdır.