MİLLİ BANKIN MƏCBURİ EHTİYATLARIN TƏNZİMLƏNMƏSİ SİSTEMİ BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILIR
Bankların məcburi ehtiyatlarının daha çevik və operativ tənzimlənməsi məqsədi ilə Milli Bank tərəfindən “Bankların məcburi ehtiyatları haqqında yeni Qaydaların” və bu Qaydaların tətbiqi mexanizmi işlənmişdir. Yeni Qaydalar dünya təcrübəsi və Milli Bankın öz təcrübəsi əsasında hazırlanmışdır.
Qaydalarda bankların məcburi ehtiyatlarının onların müxbir hesabları ilə birləşdirilməsi, məcburi ehtiyatların tənzimlənməsinin müxbir hesabın müəyyən hissəsinin dondurulması vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bu, ilk növbədə inzibati yükün azaldılması və lüzumsuz yazışmanın aradan qaldırılmasını təmin edəcəkdir.
Qaydalara uyğun olaraq, banklar gələcəkdə məcburi ehtiyatlarının bir hissəsindən klirink və likvidiliyin artırılması məqsədi ilə istifadə edə biləcəklər. Yeni Qaydaların tətbiqinin bankların likvidiliyinin artmasına təkan verəcəyi və qiymətli kağızlar və banklararası kredit bazarlarının canlanmasına müsbət təsir edəcəyi gözlənilir.
Məcburi ehtiyatlar normativlərinə riayət olunmasının səmərəli mexanizmi kimi cərimə sanksiyalarının tətbiqi də nəzərdə tutulmuşdur. Bu tədbir məcburi ehtiyatlar normativlərinə riayət olunması nizam-intizamının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Yeni qaydaların tətbiqi ilə bağlı olaraq, Milli Bankın müxtəlif struktur bölmələri arasında vəzifə bölgüsünü müəyyən edən “Bankların məcburi ehtiyatlarının tənzimlənməsinin daxili prosedur Qaydaları” da işlənmişdir. Bu Qaydalara müvafiq olaraq Milli Bankın müxtəlif qurumları bankların məcburi ehtiyatlar haqqında hesabatlarını qəbul edəcək, onları emal edib müxbir hesabların minimal qalıqlarını müəyyənləşdirəcəklər.
Bütün bu proseslərin avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi nəzərdə tutulur ki, bu da məcburi ehtiyatların tənzimlənməsinin operativliyini və texniki səhvlərin aradan qaldırılmasını təmin edəcəkdir.
Milli Bankın Mətbuat Xidməti