MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİNİN SƏYYAR İCLASI KEÇİRİLMİŞDİR
AMEA-nın prezidenti Mahmud Kərimov alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin və aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında ölkə Prezidentinin qərarının əhəmiyyətini vurğulamış və elmi ictimaiyyət adından minnətdarlığını bildirmişdir. O, müasir dövrdə informasiya cəmiyyətinin formalaşmasında elektron nəşr texnologiyasının inkişafı və onun İnternet mühitində yerləşdirilməsinin vacibliyini xatırlatmışdır.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev “Elektron nəşr texnologiyaları: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə etmişdir.
Məruzəçi Milli Ensiklopediyanın, yenidən latın qrafikası ilə çap olunacaq kitabların elektron nəşrlərinin və İnternet mühitində yerləşdirilməsinin nəzərdə tutulmasını Azərbaycan dövlətinin ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına verdiyi önəmin bariz nümunəsi olduğunu qeyd etmişdir. İnformasiya cəmiyyətinin qurulmasında elektron nəşr texnologiyalarının rolu, inkişaf mərhələləri və reallaşdırılması yolları, elektron nəşr texnologiyaları sahəsində xarici ölkələrin təcrübəsi və digər məsələlər haqqında ətraflı məlumat verilmişdir.
İclasda qeyd olunmuşdur ki, AMEA-nın rəhbərliyinin təşəbbüsü ilə İnformasiya Texnologiyaları İnstitutunda elmi-praktiki araşdırmaların aparılmasına başlanmışdır. Hazırda institutun aparıcı mütəxəssisləri elektron nəşr texnologiyalarının inkişaf etdiyi dövlətlərdə istifadə olunan platformalar əsasında geniş çeşidli və müxtəlif təyinatlı elektron kitabların nümunələrini hazırlayırlar.