MİLLİ FƏALİYYƏT PLANI GƏNCLƏR ARASINDA İŞSİZLİK PROBLEMİNİN HƏLLİNƏ XİDMƏT EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 21-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclərin məşğulluğu üzrə əmək inzibatçılığının inkişafı sahəsində milli ekspertlərin və sosial tərəfdaşların bir araya gəlməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, Azərbaycanda gənclərin məşğulluğu sahəsində Milli Fəaliyyət Planı gənclərin bu sahədə problemlərinin həllinə yönəlmiş ilk normativ sənəddir. Planın hazırlanmasında yerli və beynəlxalq ekspertlərin təcrübəsindən, Beynəlxalq Əmək Təşkilatının tövsiyələrindən istifadə edilmişdir. Əsas məqsəd gənclər arasında işsizlik probleminin həlli, onların məşğulluğuna və sahibkarlıq fəaliyyətinə kömək göstərməkdir. Sənədə bazar iqtisadiyyatına uyğun peşə hazırlığının, gənclərin əmək vərdişlərinin formalaşdırılması üçün yardımçı proqramlar da daxildir. Fəaliyyət Planına əlavə və dəyişikliklər edildikdən sonra yenidən müzakirəyə çıxarılacaqdır.
Bildirilmişdir ki, fəaliyyət planına uyğun olaraq ölkəmizdə gənclərin karyera mərkəzi və gənclər üçün yay karyera məktəbi fəaliyyətə başlayacaqdır. Hər iki layihənin əsas məqsədi gənclərin peşəkarlığının artırılmasıdır.
Qeyd edək ki, artıq müxtəlif bölgələrdə yay karyera məktəbi təşkil edilir və burada mütəxəssislər tərəfindən gənclərə lazımi işgüzar proqramlar öyrədilir. Yaxın vaxtlarda Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında yaradılacaq gənclərin karyera mərkəzi isə daimi fəaliyyət göstərəcəkdir. Bu mərkəzdə peşə artımı və təlim kursları, həmçinin məzunlar üçün əmək yarmarkaları təşkil ediləcəkdir.