“Milli hüzn və əzm gününün tarixi dərsləri” mövzusunda elmi sessiya
Bakı, 16 yanvar, Pərvanə İmanova, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Milli hüzn və əzm gününün tarixi dərsləri” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi sessiya Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilib.
Tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov 20 Yanvar faciəsinin elmi, siyasi, tarixi və fəlsəfi mahiyyətindən söz açıb. Bildirilib ki, həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə, xalq yenilməzliyini və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan edib. Məhz 20 Yanvar hadisələri xalqımızın milli azadlığına qovuşmasına təkan verib. Qeyd olunub ki, 20 Yanvar hadisələri faktiki olaraq SSRİ-nin süqutunun təməlini qoyub.
Akademik bildirib ki, 25 il əvvəl yaşanan narahat günlər, baş vermiş hadisələr yalnız xalqımızın həyatında deyil, həm də Azərbaycan mətbuatının həyatında son dərəcə əhəmiyyətli, çətin, eyni zamanda, şərəfli bir səhifədir.
Müstəqilliyin, istiqlaliyyətin mübarizəsiz, itkilərsiz, qan tökmədən əldə edilmədiyini vurğulayan R.Hüseynov bildirib ki, Azərbaycan xalqı azadlığını, müstəqilliyini canı, qanı bahasına əldə edib. Sovet rejimi xalqımızın mübarizə əzmini qıra bilmədi, 20 Yanvar hadisələri istiqlala gedən yolun başlanğıcı oldu.
Akademik 20 Yanvar hadisələrinin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olmasını, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsini və dünya ictimaiyyətinə çatdırılmasını xüsusi qeyd edib. Vurğulanıb ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
20 Yanvar hadisələrinin beynəlxalq aləmdə birmənalı qiymətləndirilmədiyini xatırladan akademik ölkəmizə qarşı ikili standartlara yol verildiyini söyləyib.
Tədbirdə filologiya elmləri doktorları Xatirə Bəşirli, Şəfəq Əlibəyli və başqaları çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəblərindən, acı nəticələrindən söz açıblar.