Milli Kitabxanada “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası hazırlanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Milli Kitabxanada akademik Nizami Cəfərovun yubileyi ilə əlaqədar “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və “Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Nizami Cəfərov haqqında”, “Nizami Cəfərov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında, yaxud klassiklərdən müasirlərə”, “Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri”, “Əsərləri”, “Haqqında”, “Dünya və Universitet Kitabxanalarında”, “Filmoqrafiyası”, “Fotoqalereya”, və s. özündə əks etdirən materiallar nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/C.Nizami/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərtibçi, “Ön söz”, məsləhətçi, rəyçi və redaktə etdiyi kitablar, akademikin zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.